Saturday 18 February 2017

Sualların “öyrədicilik” funksiyası

 
       Əgər “Nə? Harada? Nə zaman?” (bundan sonra NHN) intellektual oyunun sualları ilə bağlı 7 funksiya sadalaya biləriksə, onlardan yalnız 7-ci və ya 8-ci funksiya öyrədicilik ola bilər. Sualların öyrədicilik funksiyası müəllifin auditoriyaya hansısa faktı “öyrətmək” pərdəsinə bürünür. Əgər müəllif həqiqətən hansısa maraqlı faktı “öyrətmək” məqsədində səmimidirsə, bunu etməyin başqa yolları var:



  • “öyrədici fakt”ı sualın içində vermək, cavab hissəsində soruşmamaq.

  • “öyrədici fakt”ı  şərh hissəsində vermək, cavabda soruşmamaq.

  • “öyrədici fakt”ı sualdan sonra əlavə olaraq qeyd etmək.

  • “öyrədici fakt”ı başqa vasitələrlə yaymaq: sosial şəbəkələrdə, müxtəlif saytlarda və s.


     “Öyrədici” suallar əsasən müəllif eqosunun sual mətninə əks olunmasıdır
       Müəllifin fokuslanmalı olduğu məsələ sualın tapılmasıdır. Bir çox hallarda ”öyrədici suallar” müəllifin eqoist xarakterinin irəli çıxması nəticəsində yaranan “mən bilirəm, ancaq siz bilmirsiz” üslubunda suallar olur (həmçinin, bəzi hallarda sualı tapılmamağa yazmaq və tapılmayan sualdan zövq almaq sadizm əlamətidir). Ümumiyyətlə, NHN-də qəbir sualı yazmaqdan daha asan iş yoxdur. Qəbir olan sual 90% yaxşı sual deyil və sualın qəbir olmasında çox zaman müəllif günahkardır. NHN oyunçusu oyunlara sualları tapa bilməmək üçün gəlmir və buna vaxt sərf eləməz. Həmçinin “yeni fakt”, “öyrədici fakt”, “maraqlı fakt”la sual müəllifi rahat manipulyasiya edə bilir. Məsələn, paketdə sual çatışmayanda bir “qəbirlik” faktı  “öyrədici sual” adı ilə asanlıqla vermək olur və oyunçular əksərən bu tələyə düşürlər – nəsə öyrəndik illuziyasına qapılırlar.

       Çox zaman oyunçular və müəlliflər yaxşı faktı yaxşı sualla qarışdırır. Yaxşı fakt yaxşı sual demək deyil və NHN oyunçuları oyuna yaxşı fakt eşitmək üçün yox, yaxşı sualı oynamaq üçün gəlirlər. Yaxşı faktlar sənədli verlişlərdə, müxtəlif kitablarda (ensiklopediya, memuar və s.) doludur və onu eşitmək üçün km-lərlə yol qət etməyə ehtiyac yoxdur.

       “Öyrədici sual”la “sualdan öyrənmək” arasındakı fərqi görmək lazımdır. Müəllifin əgər məqsədi öyrətmək deyilsə bu o demək deyil ki, hansısa sualdan kimsə nəsə öyrənməyəcək (məsələn, Diogenin çəlləkdə yaşadığını kimsə bilmirsə, bunu sualı eşidəndən sonra öyrənəcək. Ancaq Diogenin çəlləkdə yaşadığını kiməsə öyrətmək sual müəllifinin əsla məqsədi olmamalıdır).

       Oyunçular Okeaniyada yaşayan hansısa yerli qəbilə başçısının adını bilməyə məcbur deyillər və bunu “faktı bilməlisən” ədasıyla vermək düzgün deyil. Digər bir məsələ faktın məşhurluğu məsələsidir. Bu, əsasən sual müəllifinin duyumundan asılıdır (sual müəllifi daim çalışmalıdır ki, əslində məşhur olmayan faktın həqiqətdə məşhur olduğuna özünü inandırmasın – müəllif ilk növbədə özünü aldatmamalıdır).


Sualların öyrədicilik funksiyasının bəzən görmədiyimiz mənfi cəhətləri:

  • Oyunçuları əzbərçiliyə sövq edir və yeni müəlliflər də əzbərlədikləri faktları “öyrədicilik” funskiyası adı altında təqdim edir, bu minvalla öyrədicilik funskiyası ilə yüklənmiş qəbir suallarla dolu paketlər silsiləsi qaçılmaz olur.

  • Yeni qoşulan komandaların çoxlarının itirilməsinin səbəbləri arasında həmin bu “öyrədici” suallar amili də var.