Monday 20 February 2017

Peşəkar İntellekt Liqası Sinxronu - I tur 19.02.2017


Sual müəllifləri və redaktorlar: Sultan Zahidov və Emin Məsimli.

Paketin redaktorları sualları test edərək dəyərli məsləhətlər verdiyinə görə Vüsal Həsənov, Fədai Məmmədov, Əşrəf Paşabəyli və Əlvan Əbdüləzizova minnətdardır.

1. Dünyanın ən böyük İKSlər festivalı yanvarın 5-dən fevralın 25-dək Çinin Xarbin şəhərində keçirilir. Dünyanın müxtəlif yerlərindən festivala təşrif buyuran sənətkarlar öz əsərlərini hazırlamaq üçün Sunqari çayından istifadə edirlər. İKS 1944-cü ildə yazılmış əsərin adıdır. İKSi iki sözlə deyin.

Cavab: Buz heykəl
Şərh: Fikir verdinizsə festival soyuq qış aylarında baş verir və aylarda Sunqari çayı donur. Sənətkarlar çaydan əldə etdikləri buz bloklar vasitəsilə müxətlif buz heykəllər hazırlayırlar. Festivalın adı da buz heykəllər festivalıdır. Buz heykəl Ənvər Məmmədxanlının məşhur əsərinin adıdır
Müəllif: Sultan Zahidov



2. “Oberonun Əli” romanında personaj təpənin başından qaçaraq aşağı tələsən it sürüsünü qara BU adlandırır. BUNU cavab kartına yazın.

Cavab: Qar uçqunu
Sayılma Meyarı: Avalanj
Şərh: Bu “qar uçqunu”nu ağ qar deyil qara itlər yaratdığından personaj belə müqayisə aparmışdı.
Müəllif: Emin Məsimli

3. Rodriqo Borcia papa seçildikdən sonra tezliklə Xuan Borcia Papa Qvardiyasının başçısı vəzifəsinə, Çezare Borcia isə kardinal vəzifəsinə yüksəlir. Bloqlardan birində  deyilir ki, məhz bu səbəbdən Borciyalar serialında Çezare Borcianın İKS kimi göstərilməsi mənasızdır. İKS 20-ci əsrin birinci yarısında yazılmış əsərin personajıdır. İKSi iki sözlə deyin.

Cavab: Böyük Qardaş
Şərh: Orta Əsrlərdə adətən ailənin ikinci, üçüncü oğlu karyerasını kilsə ilə bağlı qururdu. Borcialar serialında Rodriqonun ən böyük oğlu Pier Luici Borcianın adı ümumiyyətlə çəkilmir və Çezare Borcia Böyük qardaş, Xuan Borcia isə kiçik qardaş kimi göstərilir. Böyük Qardaş Corc Oruelin 1984 əsərinin personajıdır.
Müəllif: Emin Məsimli


4. [Aparıcı üçün qeyd: sualdan əvvəl 4-cü sualın veriləcəyi xatırlansın]

Paylama materialı.

1. Bu kral çox zaman uzun plaş, dəri tunik və ipək xələt geyinərdi.
2. Bu kral çox zaman uzun plaş, dəri tunik və ipək xələt geyinərdi.
3. Bu kral çox zaman uzun plaş, dəri tunik və ipək xələt geyinərdi.
4. Bu kral çox zaman uzun plaş, dəri tunik və ipək xələt geyinərdi.
5. Bu kral çox zaman uzun plaş, dəri tunik və ipək xələt geyinərdi.
6. Bu kral çox zaman uzun plaş, dəri tunik və ipək xələt geyinərdi.
7. Bu kral çox zaman uzun plaş, dəri tunik və ipək xələt geyinərdi.
8. Bu kral çox zaman uzun plaş, dəri tunik və ipək xələt geyinərdi.
9. Bu kral çox zaman uzun plaş, dəri tunik və ipək xələt geyinərdi.
10. Bu kral hakimiyyətdə olduğu müddətdə xəzinəni doldurmaq üçün vergiləri xeyli artırmış və bu da insanların kasıblaşması ilə nəticələnmişdi.

Paylama materialında söhbətin 13-cü əsrdə doğulan hansı kraldan getdiyini cavab kartına yazın?

Cavab: 4-cü Gözəl Filip
Sayılma Meyarı: 4-cü Filip, Gözəl Filip.
Şərh: Əslində həmin dövrdə bir çox krallar eyni geyim geyinər və xəzinəni doldurmaq üçün vergiləri artırardılar.  Fikir verdinizsə, ilk 9 cümlədə yalnız kralın geyimindən məlumat verir, sonuncu cümlədə isə tamamilə başqa bir sahədə fəaliyyətindən bəhs olunur. Bu sizi məşhur gözəllik 10-dur 9-u dondur  ifadəsinə apara bilərdi. Tarixdə ləqəbi gözəl olan məşhur kral isə 4-cü gözəl Filipdir. Sualın 4-cü olması da əbəs yerə deyilməmişdi.
Müəllif: Sultan Zahidov

5. Bir nəzəriyyəyə görə həşəratların qanadlarının ilkin məqsədi uçmaq deyildi. Sonradan daha da böyüyərək qanadlara çevrilən bədən çıxıntıları lap əvvəldə sadəcə həşəratın bədən səthini artırmaq məqsədi güdür və İKS funksiyasını yerinə yetirirdi. Rozettanın qanadlarında İKSlərin sayı 10-dur. İKSi iki sözlə deyin.

Cavab: Günəş paneli
Şərh: Rozettanın qanadları deyərkən söhbət 2004-cü ildə buraxılan kosmik aparatdan gedirdi. Həşəratların bədən səthinin daha çox olması onların daha çox günəş enerjisi əldə etməsinə səbəb olacaqdı.

Müəllif: Emin Məsimli

6. “İşıq Tanrısı” əsərində hakimiyyəti əlində cəmləşdirən bir qrup insan müasir texniki tərəqqini əhali ilə bölüşmür, hətta bir neçə dəfə çap maşının ixtirasının qarşısı alınır. Əsərdə Budda kimi tanınan personaj isə əhalini BUNDAN çıxartmaq üçün üsyana rəhbərlik etməyə başlayır. BUNU iki sözlə deyin.

Cavab: Qaranlıq əsrlər
Şərh: Bu terminin belə adlanmasının bir səbəbi də həmin dövrlə bağlı yazılı mənbələrin az olmasıdır. Sual mətnindəki çap maşınının ixtirasının qarşısının alınması da məhz buna işarə edir. Budda – aydınlanmış olan, İşıq Tanrısı isə insanları qaranlıq əsrlərdən çıxartmağa çalışır. Bildiyiniz kimi Orta Əsrlərin təxminən 6-14-cü əsrləri əhatə edən dövrü tarixdə qaranlıq əsrlər kimi bilinir.
Müəllif: Emin Məsimli

7. Nevroalim Ramaçandranın fərziyyəsinə görə, vizual olaraq xəstəlik əlamətlərinin BELƏLƏRİNDƏ daha aydın və rahat seçilməsi BELƏLƏRİNƏ üstünlük verilməsinin səbəbi ola bilər. BELƏLƏRİ ilə əvəz edilmiş, saitləri qalın olan sözü deyin.

Cavab: Sarışınlar
Şərh: Sağlamlıqla bağlı informasiyanın olmasını beyin daha yaxşı seçim kimi qəbul edə bilər. Xəstəlik əlamətləri açıq rəngdə daha tez bilinəcək, qaraşınlar isə bu əlamətləri daha rahat gizlətməyə qadirdir. Üstünlük verilməsi – “Centlmenlər Sarışınlara üstünlük verir”ə işarə idi.
Müəllif: Emin Məsimli


8. Tarixi sənədli filmdə Oliver Neil deyir ki, 2-ci əsrdən başlayaraq BU Romalılar üçün dünyanın sonunu bildirirdi. BUNDAN cənubda yollar, şəhərlər və qəsəbələr, BUNDAN şimalda isə saysız-hesabsız tayfalar məskunlaşmışdı. BUNU biri xüsusi isim olan iki sözlə cavab kartına yazın.

Cavab: Adrian Divarı
Şərh: Sual mətni sizi həm də Taxtlar Oyunundakı Buz Divarına aparmalıdır. Aparıcı sənədli filmdə həmçinin bildirir ki, bundan cənubda sivilizasiya var idi, bundan şimalda isə barbarlıq. İkinci əsrdə Roma imperiyasının şimal sərhədləri Britaniyada məhz Adrian Divarında bitirdi. Corc Martin Buz Divarının ideyasını Adrian Divarından ilhamlanaraq yaradıb.
Müəllif: Emin Məsimli


9. Karikaturalardan birində ONA bildirirlər ki, çoxlu solçu kitablar oxuyub işçi-fəhlə hərəkatına qoşulsun. 2014-cü ilə aid filmdə KİPP ONLARdan birinin adıdır. ONU əcnəbi mənşəli sözlə deyin.
Cavab: Robot
Şərh: Robota – çex dilindən iş və ya ağır iş mənasına gəlir. İnterstellar filminin elmi məsləhətçisi olan Kip Thorne`un şərəfinə Dr. Mannın robotu KİPP adlandırılmışdı.
Müəllif: Emin Məsimli

10. Bu aktyorun canlandırdığı serial personajı insanların növ olaraq öz öncüllüklərini qorumaq üçün hər şeyi edəcəklərini deyir. Misal olaraq bildirir ki, insanlar vaxtilə özlərinə rəqib olan neandertalları yeyiblər. Bəs həmin aktyor özünün yeganə oskarını hansı obrazı canlandırdığına görə qazanıb?

Cavab: Hannibal
Sayılma Meyarı: Hannibal Lekter.
Şərh: Personaj qədimdə insanlar arasında geniş yayıldığı güman edilən hannibalizmə işarə edir. Westworld serialında Dr. Ford obrazını canlandıran Entoni Hopkins özünün yeganə oskarını Quzuların Səssizliyi filmindəki Hannibal Lekter obrazına görə alıb.
Müəllif: Emin Məsimli


11. Qədim romada dost ölkələrdən gələn elçiləri yüksək ehtiramla qarşılayar, şəhərin ən yaxşı yerlərini gəzdirər və sarayda qəbul edərdilər. Düşmən ölkələrin elçilərini isə adətətən Senatın razılığı gələnə qədər şəhər hasarlarından kənarda yerləşən İKSdə gözlədər və daha sonra Bellona məbədində qəbul edərdilər. İKSi eyni hərflə başlayan iki sözlə deyin.

Cavab: Mars Meydanı
Şərh: Düşmənlərə münasibət bir növ düşməncəsinə idi.  Onları müharibə ilahəsi olan Bellona məbədində qarşılamaqla romalıar onlarla hər an müharibə apara biləcəklərini nümayiş etdirərdilər. Bellona məbədində qəbul olunmazdan əvvə isə onları Qədim Romada müharibə tanrısı Marsın şərəfinə adlandırılmış Mars meydanında gözlətdirərdilər.
Müəllif: Sultan Zahidov

12. Paylama Materialı.
Etrusk dilində iduare sözü BUNU ETMƏK mənasını verir.
Etrusk dilində iduare sözü BUNU ETMƏK mənasını verir.


Paylama materialında BUNU ETMƏKLƏ əvəz olunan sözü cavab kartına yazın.
Cavab: Bölmək
Şərh: Etrussk dili sizi qədim İtaliyaya aparmalı idi. Məhz iduare sözündən Roma təqvimində ayın ortasını bildirən idlər sözü törəyib. Sezarın öldürülməsi ilə yadda qalan Martın 15-nin tarixə Mart idləri adı ilə daxil olması isə hər kəsə məlumdur. İduare sözü isə etrussk dilindən bölmək mənasını verir. İstənilən ayı idləri deyəndə o ayının yarıya bölündüyünü yəni 15-ni nəzərdə tutmalıyıq. Rekvizitdəki sürət və məxrəc arasındakı düz xətt də sizi cavaba apara bilərdi. Marsla bağlı əvvəlki sual da sizə Martı xatırlamağa kömək edə bilərdi.
Müəllif: Sultan Zahidov


13. “Xaç atası” əsərində Vito Korleonenin yaxın dostu olan Genconu İKS adlandırmaq olar. Rusiyadakı Tixaya çayı da İKSdir. İKSlə əvəz olunan 3 sözü deyin.

Cavab: Donun sağ qolu
Şərh: Dilimizdə birinin hansısa şəxsin ən əsası adamı olduğunu bildirmək üçün sağ əl və ya sağ qol ifadələrindən istifadə olunur. Genco Abbandando Korleonenin ən yaxın adamı və konsiliyerisi və belə demək olarsa Donun sağ qolu idi. İkinci cümlədə yerə alan Tixaya çayı sizə Şoloxovun məşhur Sakit Don əsərini xatırlada bilər. Həmin çay Don çayının sağ qoludur.
Müəllif: Sultan Zahidov

14. Maraqlıdır ki, Con Tomas Nall “Tanrı cənubu xilas etsin” əsərində BURADA bir zamanlar konfederasiya məhbuslarının saxlandığını qeyd edir. BURANI eyni hərflə başlayan iki sözlə deyin.
 
Cavab: Azadlıq adası
Şərh: Əsərin adı və konfederasiya məhbusları sizin hadisələrin ABŞ-da cərəyan etdiyinə çıxara bilər. Söhbət Nyu-Yorkda məşhur Azadlıq heykəlinin yerləşdiyi Azadlıq adasından gedirdi. Maraqlıdır ki, burada bir zamanlar azadlıqdan məhrum olan insanlar belə saxlanılırdı.
Müəllif: Sultan Zahidov

15. 1522-ci ilin konklavı zamanı kardinal Culio Mediçi siyasi gediş edərək kardinal Adrian Dedelin papalığa namizədliyini irəli sürdü. O düşünürdü ki, onsuz da Dedelin namizədliyi keçməyəcək. Çünki Dedel tanınmırdı, siyasi təcrübəsi yox idi və ən əsası Culiodan fərqli olaraq BURAXILMIŞ SÖZ deyildi. BURAXILMIŞ SÖZÜ cavab kartına yazın.

Cavab: italyan
Şərh: Adrian Dedelin flamand olmasını nəzərə alan Culio Mediçi onun namizədliyini irəli sürmüşdü. Çünki italyan olmayan şəxslərin Roma Papası seçilmə ehtimalı çox aşağı idi.
Müəllif: Emin Məsimli

16. Diqqət Sualda İKSlə üç söz əvəz olunub!
1961-ci ilin dekabrın 10-da İngo Krüger Şpre çayını suyun altı ilə keçməyə cəhd edərkən boğularaq ölmüşdü. İngo Krügeri bu addımı atmağa vadar edən sevdiyi qızın İKSdə olması idi. Siz isə hansı film qəhrəmanımızın İKSdə ola bilməməsindən gileyləndiyini deyin.

Cavab: Məşədi İbad
Şərh: Şpre çayı və şəxsin adı sizi Berlinə aparmalı idi. Məlumdur ki, 1961-ci ildə şəhəri iki yerə ayıran və tarixə Berlin Divarı adı ilə düşən  hasar tikilir. Mövcud olduğu dövr ərzində xeyli insan bu hasarı keçərək qərbi Berlinə getməyə cəhd etmişdi. Həmin insanlardan biri də İngo Krüger idi. O qərbi Berlinə Şpre çayını üzərək keçməyi planlaşdırsa da cəhdi uğursuz alınmışdı. Onun bu addımı atmağa vadar edən isə sevgilisinin hasarın digər tayında yəni Qərbi Berlində olması idi. Hasarın digər tayında ola bilməməsindən gileylənən isə O olmasın bu olsun filmində Məşədi İbad belə bir ifadə işlədir: Mən qızın halalca adaxlısı ola-ola hasarın bu tayında qalım, bir dələduzun biri isə o tayında. Qeyd: Video göstərilsə yaxşı olar
Müəllif: Sultan Zahidov


17. Patrik Rotfusun “Kralqatili Xronikaları” əsərlər seriyasında baş qəhrəman Kvotenin aşiq olduğu personaj özünü əsərin müxtəlif hissələrində müxtəlif adlarla – Denna, Donna, Dinael və s. adlandırır. Həmçinin əsərin bəzi hissələrində Kvote Dennanı daha çox görür, bəzən az görür, bəzən isə onu ümumiyyətlə tapmaq olmur. Tor.com saytındakı fanat fərziyyələrindən birinə görə Denna BUNU təcəssüm etdirir. BUNU bir sözlə deyin.

Cavab: Ay
Şərh: Ayın fazaları kimi gah az görünür, gah çox. Adının formaları isə Diana – Ay ilahəsinin adına bənzəyir.
Müəllif: Emin Məsimli


18. Bir dəqiqədən sonra trankvillitit adlı nadir mineralın kəşf olunduğu ili cavab kartına yazın.
Cavab: 1969
Şərh: Əvvəlki sualın cavabı  bilirsiz ki, ay idi. Trankvillitit sualda da qeyd olunduğu kimi yerdə rast gəlinməyəcək qədər nadir mineraldır. Onun ilk nümunələri məhz 1969-cu ildə ilk astronavtlar aya uçduqdan sonra aydakı sakitlik dənizindən tapılmış və məhz bu səbəbdən ona latıncadan sakitlik mənasını verən trankvillitit adı verilmişdi.
Müəllif: Sultan Zahidov

19. Tudorlar serialında kral 8-ci Henri Anna Boleynlə evlənsə də insanlar hələ də Araqonlu Katerinanı rəğbətlə qarşılayır və daim öz sevgisini göstərirdi. Epizodlardan birində bunu görən Tomas Mor Katerinanı İKS adlandırır. Əsər personajı olan digər İKS isə uşaqdan aldığı hörmətsiz cavaba görə əsəbindən qıpqırmızı qızarmışdı. Həmin əsərin müəllifini deyin.

Cavab: Luis Kerol
Şərh: Araqonlu Katerinanın artıq kraliça olmadığı elan edilsə də insanlar ona kraliça kimi davranmağa davam edirdilər. Belə səhnələrdən birində Tomas Mor onu Queen of Hearts, yəni Ürəklərin Kraliçası adlandırır. “Alisa Möcüzələr Diyarında” əsərində isə Alisa kraliçaya uyğun gələcək hörməti göstərmədiyindən Ürəklərin Kraliçası öz kart rəngi kimi qıpqırmızı qızarmışdı.
Müəllif: Emin Məsimli


20. 2003-cü ildə gələn son siqnala əsasən “Pioner 10” kosmik gəmisinin hədəfi ALFAdır. Hədəfə gəminin təxminən 2 milyon il sonra çatacağı güman olunur. ALFA-nı əcnəbi mənşəli sözlə deyin.

Cavab: Aldebaran
Şərh:  Sualdan söhbətin günəş sisteminə aid olmayan hansısa uzaq bir ulduzdan getməsi aydın olmalıdır. Sualda Alfa əvəzetməsi əbəs yer əverilməmişdi çünkü həmin ulduz Buğa bürcünün alfası yəni ən parlaq ulduzudur.Lakin sualın əsas ipucusu 2 dəfə işlənən hədəf sözüdür.  Dart oyunundan bizə məlumdur ki, oyunda əsas hədəf mərkəzi nişan almaqdır və həmin mərkəz bullseye yəni öküz gözü adlanır. Öküz gözü Buğa bürcünün belə demək olarsa gözündə yerləşdiyindən Aldebaran ulduzuna deyirlər. Kosmik gəmi hal-hazırda da eynilə dart bıçağı kimi öz hədəfinə yəni öküz gözünə doğru irəliləyir. Aldebaran həm də Buğa bürcünün ən parlaq ulduzudur.
Müəllif: Sultan Zahidov


21. 1971-ci ildə çap olunan bir əsərin fəsilləri müxtəlif avropa ölkələrinin adları ilə adlandırılmışdı. Bundan əlavə əsərdə “Hostel”, “Qara bazar”, “Fotoqrafiya üçün göstərişlər” və “BUNU ETMƏYİN yolları” adlı fəsillər də var. Siz isə 7 il sonra bu əsərdən ilhamlanan şəxsin kim olduğunu deyin.

Cavab: Duqlas Adams
Şərh: Bu kitab az miqdarda pulla müxtəlif ölkələrə səfər etmək və orada vaxt keçirmək yollarını öyrədir. Hosteldə qalan, qara bazar axtaran yəni pulu az olan adam isə bu qədər ölkəyə yalnız avtostopla gedə bilərdi, deməli BUNU ETMƏKlə avtostopla səyahət etmək əvəz olunmuşdu. Söhbət Ken Velşin Avtostopçunun Avropa bələdçisi kitabından gedirdi. 7 il sonra bu əsərdən ilhamlanan Duqlas Adams özünün məşhur Qalaktika üzrə avtostopla kitabını yazmışdı.
Müəllif: Sultan Zahidov


22. [Aparıcı üçün qeyd: Ad xüsusi vurğu və aramla deyilməlidir]

Centİle Fabrianonun çəkdiyi freskalara heyran olan Mikelancelo rəssam haqda demişdi ki, onun əlləri onun İKSi kimidir. İKSi qısa sözlə deyin.

Cavab: Ad
Şərh: Mikelancelo demişdi ki, onun əlləri onun adı kimidir. Centile italyan dilindən tərcümədə zərif mənasına gəlir.
Müəllif: Emin Məsimli


23. Stiv Consun “İlanın Vədi” əsərində toxuma mühəndisliyi və tibbi regenerasiyanın inkişafına hədəflənmiş təşkilat ONUN adını daşıyır. ONUNLa bağlı digər məqalə isə ƏHRİMAN ƏSRİ adlanır. ƏHRİMAN ƏSRİ ilə əvəz olunmuş iki sözü deyin.

Cavab: Mafusail minilliyi
Sayılma Meyarı: Mafusail milleniumu
Şərh: İlanın Vədi əsəri sizi Bibliyaya aparmalı idi. Tibbi regenerasiya və toxuma mühəndisliyinin məqsədi insan ömrünü uzatmaqdır. Bibliyada ən uzun ömürlü personaj isə Mafusaildir. Təşkilat isə Mafusail Foundation adlanır. Mafusailla bağlı digər bir məqalənin adı isə Mafusail Minilliyidir, belə ki, bibliyaya görə Mafusail 969 il yəni min ilə yaxın  yaşamışdı.
Müəllif: Sultan Zahidov


24. Diqqət! Sualda İKSlə iki söz əvəz olunub!
Vestern janrında çəkilən “Möhtəşəm Yeddilik” filmində İKSin şəhər qəbirstanlığında basdırılmasına qarşı çıxılır. Siz isə 1831-ci ildə doğulan şəxsin İKSlə assossiasiya etdiyini iki sözlə deyin.

Cavab: Yaxşı hindu
Şərh: Sualda filmin vestern janrında çəkilməsi əbəs yerə deyilməmişdi. Məlumdur ki, bu janr filmlərində covboyların əsas düşmənləri hindular olur və buna görə də filmdə ölü hindunun şəhər qəbirstanlığında basdırılmasına maneçilik törədilir. General Filip Şeridan məşhur ifadəsində “Yaxşı hindu, ölü hindudur” demişdi.
Müəllif: Sultan Zahidov