Saturday 18 February 2017

"Nə? Harada? Nə Zaman?" oyunu suallarını lazımsız informasiyadan necə təmizləməli?

  “Nə? Harada? Nə Zaman?” intellektual oyunlarında oyunçuların ən çox əziyyət çəkdiyi məsələlərdən biri suallarda artıq informasiya yükünün olmasıdır. İlk növbədə unutmaq lazım deyil ki, sualların əksəri şifahi şəkildə oxunur və mətndə hərf sayı, söz sayı artdıqca – mətn uzandıqca suala qulaq asmaq da əzablı işə çevrilir. Bundan əlavə sualda informasiya çoxaldıqca onların potensial ipucu olma ehtimalı da artır. Sadə dillə desək bu faktlar oyunçuları çaşdırıb yanlış istiqamətə apara bilər. Aşağıdakı sualla bəzi məqamları analiz edək:

Rus yazıçısı Valentin Katayev özünün “Mənim çələngim almazdandır” adlı əsərində Parisin məşhur Yelisey çöllərində bahar qiyafəsinə uyğun nazik geyimlə gəzişmələri haqqında yazır. Bu zaman vıyıltıyla əsən soyuq küləyi yazıçı ONUNLA müqayisə edir. ONU iki sözlə cavab kartına yazın.

Cavab: Gilyotinin ülgücü
Şərh: Nazik geyimdə olarkən əsən soyuq külək onları gilyotinin ülgücü kimi kəsirdi. Bu zaman yazıçı Parisdə idi.


Sorğu metodu

 Bu metod sualın mətnindəki sözlərin cavabla əlaqəsini müəyyən etmək üçün oyunçunun oyun masasında verə biləcəyi mümkün sualların analizidir. Məsələn yuxarıdakı misalımız üçün bu suallar aşağıdakı kimi ola bilər:

1) Sualda niyə rus yazıçısı deyildi?
2) Əsərin adı bəlkə ipucudur?
3) Niyə Paris?
4) Niyə “Yelisey Çölləri”?
5) Niyə bahar qiyafəsi?
6) Niyə nazik geyim?
7) Valentin Katayev tək verilibsə niyə gəzişmələri qeyd olunub?
8) Niyə vıyıltıyla?
9) Niyə soyuq külək?

1) Bu tip suallarda sualın mətnində hansısa yazıçı adı verilirsə onun qarşısında işlədilən yazıçıya aid məlumatın  (burada “rus yazıçısı”) birbaşa cavaba aidiyyatı olmalıdır. Əgər aidiyyatı yoxdursa bu informasiyanı sualdan çıxartmaq lazımdır. Yuxarıdakı sualda Valentin Katayevin rus yazıçısı olması faktı Parisdə əsən soyuq küləyin gilyotin ülgücünə bənzədilməsində köməkçi rol oynamır. Deməli bu hissə sualdan yığışdırılmalıdır. Yeri gəlmişkən bu tip suallarda məsələn mətndə “Jak İv Kusto” adı işlədilibsə və cavabın tapılmasında fransızlarla bağlı bir məqam varsa onda burada “Fransız (okeonoloq) Jak İv Kusto” şəklində işlətmək məsləhətdir. Jak İv Kustonun fransız olduğu çoxlarına məlumdur, lakin sual mətnində ”fransız” sözünün qeyd olunması  cavabın fransızlarla bağlı nəsnə olma ehtimalını qüvvətləndirir.

2) Sorğu metoduna əsasən əsərin, filmin və s. adının verilməsi bəzən yanlış ipucu kimi dəyərləndirilə bilər. Çünki əsərin adından ipucu kimi istifadə də mümkündür. Bununla bağlı 2013-cü ildə Azərbaycan Kubokunun 3-cü etapında oynanılmış aşağıdakı sualı misal göstərmək olar:

“Ölümcül Qadın” serialının epizodlarından birində bədəndəki dəmir tələbatını ödəməklə BUNU ETMƏYƏ çalışan şəxsdən bəhs olunur. Həmin şəxsin soyadını deyin.

Cavab: Batori
Şərh: Onun məqsədi gözəlləşmək idi. Bunun üçün o tərkibində dəmir hissəcikləri olan qan içirdi.
Söhbət qanlı qrafinya Elizabet Batoridən gedirdi.
Mənbə: http://en.wikipedia.org/wiki/Elizabeth_B%C3%A1thory
Müəllif: Sultan Zahidov

Ona görə də sualımızda “Mənim Çələngim Almazdandır” adlı əsərində əvəzində bu sözlərdən istifadə etmək daha məqbuldur: bir əsərində, əsərlərindən birində, yazır ki, qeyd edir ki və s. Əgər istifadə baxımından bu sözlər arasında bir fərq yoxdursa ən qısa variantdan istifadə etmək məsləhətdir.
Qeyd: Əsərin,filmin və s. adı bir çox hallarda istinad olunmuş mənbə funksiyası yerinə yetirdiyi üçün mətndə verilir. Yuxarıdakı sualda “Valentin Katayev” bu funskiyanı təmin etdiyini üçün əsərin adını mətndə qeyd etməmək məsləhətdir.

3) Gilyotin aləti öz məşhurluğunu bir növ Fransa Burjua İnqilabına borclu olduğundan “Paris” burada Fransaya aparan ipucudur.

4) “Paris” Fransaya aparan ipucudur (“Gilyotin ülgücü” cavabına çıxmaq üçün Fransanı “tutmaq” lazımdır). Deməli yuxarıdakı mətndə Yelisey Çöllərinə ehtiyac qalmır, çünki artıq mətnimizdə “Paris” ipucumuz var. Sualda “Paris” əvəzinə “Fransa” da işlətmək olar, lakin bu tip suallarda cavaba aparan yolda müəyyən “pilləkənlər”dən istifadə sualı daha maraqlı etdiyi üçün bu sualda “Paris”i həm də kiçicik bir “pilləkən” kimi saxlamaq olar .(“pilləkən”: sualın mətnindən əsas ipucuya çıxmaq üçün kiçik ipucudur. “Pilləkən”i belə bir sxemlə təsvir etmək olar:   sual mətni →pilləkən→ipucu →cavab )

5-6) Həmçinin əgər soyuq küləyin “kəsiciliyi” oyunçunun nəzərinə çatdırılmaq istənilirsə burada “nazik geyim + soyuq külək” sözləri həmin funksiyanı artıqlaması ilə yerinə yetirir. Deməli, bahar qiyafəsinə uyğun hissəsini də mətndən çıxartmaq olar. Bundan başqa “bahar qiyafəsi” sözləri oyunçunu lazımsız yerə, başqa istiqamətə doğru yönəldə bilər (məsələn, baharla bağlı hansısa fakta).

7) Sualın mətnində “gəzişmələri” sözünün cəm halında verilməsi yazıçının əsərdə cümləni cəm halında qurmağı ilə əlaqədardır. Lakin sualın mətninə baxdıqda “gəzişmələri” sözünün cavabla birbaşa əlaqəsi yoxdur. Təbii ki, yazıçının “gəzişmələri” sözünü cəm halında verməsi yazıçının özünün də fərd olaraq gəzişdiyi anlamına gəldiyini nəzərə alaraq mətndə “gəzişmələri” sözünü “gəzişdiyi” sözü ilə əvəz etmək uğurlu olardı. Bu ilk növbədə ona görə lazımdır ki, oyunçu Katayevin – tək, gəzişmələrinin – cəmdə olduğunu görüb bunun ipucu olduğunu zənn etməsin.

8) “Vıyıltı” sözünü analiz edək.  Burada “vıyıltı” sözü daha çox küləyin şiddətini oyunçunun təsəvvüründə canlandırmağı hədəfləyir – sualın cavabı olan “Gilyotin Ülgücü”nə daha da yaxınlaşdırır. Amma yenə də əgər müəllifin “vıyıltı” ilə bağlı şübhələri varsa (məs, hansısa dilə tərcümə olunaraq ipucu kimi görünə bilər) mətnə daxil etməyə də bilər. Mən daxil edilməsi tərədarı olduğum üçün mətndə saxlayacağam.

9) “Soyuq külək” – dilimizdə (həmçinin rus dilində olan) “soyuğun kəsməsi” və “küləyin kəsməsi” ifadələrinə aparmalıdır. Bu “Gilyotin Ülgücü”nə kəsiciliyi bənzədərək çıxmağa yardımçı olacaq.
Suallarda ümumi yüngülləşdirmələr:
  •  Bəzi sözlər var ki, suallarda onların istifadə edilməməsi sualın quruluşuna və anlaqlı olmağına maneə olmur. Belə sözlər mətndə verilmədikdə sualın ipucularına xələl gətirmir. Məsələn, bizim sualda buna özünün sözünü misal göstərmək olar. 

  •  Mətnlərdə məşhur, dahi, görkəmli və s. kimi sifətlərdən məqsədsiz istifadə məsləhət deyil. Yuxarıdakı sualda da Yelisey çöllərinin məşhurluğu ilə küləyin gilyotin ülgücünə bənzədilməsi arasında heç bir əlaqə yoxdur.

  •  Nils Borun tələbəsi olan Verner Hayzenberq filan ildə filan işikjbdvu – Əgər sualda Hayzenberqin Nils Borun tələbəsi olmasının cavabın tapılmağına aidiyyatı yoxdursa bu artıq mənasız informasiyaya çevrilir və sualın oynanılmasında çətinliklər yaradır.

  •  “XVIII əsrdə yaşamış Deni Didro” - əgər sualın mətnində XVIII əsrdə baş vermiş hansısa hadisə ilə bağlılıq yoxdursa (məs, müəllif oyunçunun diqqətinə Didronun yaşadığı dövrdə telefon,teleqraf xəttinin olmadığını göstərmək istəmirsə) o zaman “XVIII əsrdə yaşamış” sözləri mətndə funksiyaya malik olmayan əlavə yükə çevrilir.


Beləliklə, sual mətnindən hansı hissələri çıxardığımıza baxaq:Rus yazıçısı Valentin Katayev özünün “Mənim çələngim almazdandır” adlı əsərində Parisin məşhur Yelisey çöllərində bahar qiyafəsinə uyğun nazik geyimlə gəzişmələri haqqında yazır. Bu zaman vıyıltıyla əsən soyuq küləyi yazıçı ONUNLA müqayisə edir. ONU iki sözlə cavab kartına yazın.


Sualın yekun forması:
Valentin Katayev bir əsərində Parisdə nazik geyimlə gəzişməyi haqqında yazır. Bu zaman vıyıltıyla əsən soyuq küləyi yazıçı ONUNLA müqayisə edir. ONU iki sözlə cavab kartına yazın.
Mətn 12 söz (87 hərf) yüngülləşdi.