Sunday 14 May 2017

II Marafon turniri IV tur - 29.10.2016


Paketi test edib dəyərli məsləhətlərini verdiyi üçün Elvin Abbaslı, Əşrəf Paşabəyli və Nigar Yasinovaya təşəkkür edirəm.      


1. Serial personajı olan Metyu Mördak bildirir ki, T hərfini tez-tez Q hərfi ilə qarışdırır. W hərfinin çətinliyindən danışanda isə ONUN fransız olmağından gileylənir. Kimin?  

Cavab: Lui Brayl                              
Şərh: T hərfi Q hərfinə latın qrafikalı əlifbada heç cür oxşamır. Daha çox Daredevil adı ilə tanıdığımız Metyu Mördak isə uşaq vaxtı keçirdiyi qəzadan sonra kor olmuşdu. Fransız əlifbasında W olmadığından Brayl əlifbasına sonradan əlavə ediblər deyə hərfin oxunuşu çox da praktik deyil. 
Müəllif: Emin Məsimli                    



2. “Gələcəyin Dünyası” elmi-fantastik filmində personaj günəş batereyaları ilə işləyən robotları BUNDAN qorxub qaçmağa proqramlaşdırır. Nəticədə robotlar hətta işlərini bitirdikdən sonra belə ömürlərinin qalan hissəsini BUNDAN qaçaraq daim hərəkət içərisində keçirməyə məcbur olurlar. BU eyni zamanda 1973-cü ildə işıq üzü görən mənbənin adıdır. BUNU üç sözlə deyin.          

Cavab: Ayın qaranlıq tərəfi            
Şərh:  Günəş batereyaları ilə təchiz olunduqlarından onlar mütəmadi günəş işığı olan yerdə hərəkət etməli idilər ki, enerjiləri qurtarmasın. Elmi-fantastik filmdə robotların Yerə qaytarılması baha başa gəldiyindən həyatlarının qalan hissəsini mütəmadi olaraq Ayın qaranlıq tərəfindən qaçaraq keçirməyə məcbur olmuşdular.1973-cü ildə Pink Floyd “Ayın qaranlıq tərəfi” adlı albomlarını buraxıb. “İşıq üzü görmək” ipucu idi.                                    
Müəllif: Emin Məsimli                    



3. Fentezi yazıçısı Patrik Rotfus uzun illər ərzində kimya mühəndisliyi, psixologiya, fəlsəfə, orta əsrlər tarixi, teatr, sosiologiya və ingilis dili sahələri üzrə təhsil alıb. Yazıçı müsahibələrindən birində demişdi ki, yaratdığı fentezi dünyasındakı dövr Avropanın İKSinə uyğun gəlir. İKSi əcnəbi mənşəli sözlə deyin.

Cavab: Renessans                            
Şərh:  Sualın mətnində bakalavr pilləsində təhsil aldığı doqquz il ərzində müxtəlif sahələri öyrənməsi qeyd olunub. Orta əsrlərin sonu yeni dövrün başlanğıcında incəsənət və elmin müxtəlif sahələrində biliklərə malik olan insanlara “renessans dövrününün adamı” deyirdilər. Kralqatili xronikaları seriyasındakı dünyadakı dövr də Renesans dövrünə uyğun gəlir.      
Müəllif: Emin Məsimli                    


4. DUPLET. BİRİNCİ və İKİNCİ sözləri əvəzetmədir.   
1. Antonia Freyzer yazır ki, katolosizmə simpatiyası olan İngiltərə kraliçası Anna Papaya yazdığı məktublarında tez-tez BİRİNCİDƏN istifadə edirdi. Bu da öz növbəsində Papalıqda İngiltərənin tezliklə katolik dininə qayıdacağı haqda fikirlər yaratmışdı. BİRİNCİ ilə əvəz olunmuş birhecalı sözü cavab kartına yazın.                                    
2. “46 Bənövşə” əsərinin personajı sevgilisinə münasibətdə İKİNCİDƏN istifadə etmirdi, çünki düşünürdü ki, İKİNCİ sevgilisini ondan uzaqlaşdırır. İKİNCİ ilə əvəz olunmuş birhecalı sözü cavab kartına yazın.                                    

Cavab: 1) biz 2) siz                          
Şərh: Sual mətnərində BİRİNCİ və İKİNCİ sözlərinin əvəzetmə olması qrammatik cəhətdən şəxslərə ipucu idi. Kraliça tez-tez özünə “biz” dediyindən Papalıqda kral Ceymsin də katolisizmə müsbət baxdığı ilə bağlı fikirlər yaranmışdı. Salam Qədirzadənin personajı isə  düşünürdü ki , sevgilisinin ona “sən” yox “siz” deməsi, sevgilisini ondan uzaqlaşdırır. Biz – birinci şəxsdə, siz – ikinci şəxsdədir.
Müəllif: Emin Məsimli                    


5. Expanse serialında insanlar 23-cü əsrdə Günəş sistemini koloniyalaşdırıb. Seriyalardan birində Yupiterlə Mars arasındakı asteroid qurşağının sakini olan terrorist tutularaq Yerə gətirilir. Kövrək sümükləri olan terroristə Yerdə xüsusi vasitəyə əl atmağa ehtiyac qalmadan sadəcə BUNUN köməkliyi ilə 20 saat işgəncə verilir. BUNU latın mənşəli sözlə deyin.         

Cavab: Qravitasiya                          
Şərh: Asteroid qurşağındakı səma cisimləri elə də böyük deyil və burada yaşayan insanların sümüklərinin getdikcə kövrəkləşməsinin səbəbi zəif qravitasiya idi. Normal Yer qravitasiyasından işgəncə vasitəsi kimi Yerdən kənar səma cisimlərində yaşayan insanlara qarşı istifadə edilirdi. BMT tərəfindən qadağan edilsə belə.                                        
Müəllif: Emin Məsimli                    


6.
İki sözlə deyin: Bəxtiyar Vahabzadə nəyi klavişi olmayan hamar royala bənzədir?

Cavab5: Latın dili                            
Şərh: Dilimizdə “klaviş” sözü əvəzində “dil” sözündən də istifadə olunur. Şair illər boyu istifadə olunaraq hamarlaşmış, lakin klavişi olmadığı üçün səs çıxarda bilməyən royalı, eynilə illər boyu istifadə olunmuş lakin indi heç bir xalq tərəfindən danışılmayan latın dilinə bənzədir.      
Müəllif: Emin Məsimli                    


7. Konni Uillisin personajı pis hava səbəbindən çatmalı olduğu yerə gedə bilməyəcəyindən qorxur. Personaj həlledici anda hava şəraitinin tarixin gedişinə mane ola biləcək gücdə olduğunu deyir və 1215-ci ildə doğulmuş bu hökmdarın adını çəkir. Kimin?     

Cavab: Xubilay xan                         
Şərh: Xubilay xana da vaxtilə gəmilərlə Yaponiyanı işğal etməyə ilahi külək – kamikaze mane olmuşdu.                                                            
Müəllif: Emin Məsimli                    


8. REKVİZİT.                                    

Rekvizitdə gördüyünüz şəkillər səyahətlə bağlı saytdakı 30-dan çox şəklin yer aldığı bir siyahıdandır. Cavab kartına siyahının adlanmasında iştirak edən xüsusi ismi yazın.         

Cavab: Fudziyama                           
Şərh: “Səyahət”, “30-dan çox” ipucu idi. Həmçinin şəkillərdən aydındır ki, ərazi dənizə çıxışı olan və müasir binalara malik yerdir.  Qarşınızda gördüyünüz şəkillərdə uzaqdan görünən kölgələrə fikir versəniz dağı görmək olar. Siyahının adı “Fudzi dağının yeni 36 görünüşü” idi.        
Müəllif: Emin Məsimli


9. “Harri Potter və Alov Qədəhi” romanında jurnalist Rita Skiter insanlara gizlincə qulaq asa bilmək üçün BUNA çevrilirdi. BUNU bir ingilis sözü ilə deyin.       

Cavab: Bug                                        
Sayılır: Beetle.                                  
Şərh: Gizlincə qulaq asmaq üçün istifadə olunan elektron cihazlara da “bug” deyirlər. Rita Skiter kiçik böcəyə çevrilərək insanlardan xəbərsiz onların danışığına qulaq asa bilirdi.          
Müəllif: Emin Məsimli                    


10. “Alov gözətçiliyi” adlı hekayədə gözətçi personajlardan biri digərinə deyir ki, nəyin baş verməsindən asılı olmayaraq gərək ən azı səkkiz saat yatsın, əks təqdirdə BUNA çevriləcək. BU qorxu-dram janrındakı serialın adıdır. BUNU iki sözlə deyin.     

Cavab: Walking dead                      
Sayılır: Yeriyən ölü, gəzən meyid və s. uyğun tərcümələr.      
Şərh: Personaj bildirir ki, əsas məsələ səkkiz saatlıq yuxunu almaqdır. Əks təqdirdə bütün günü yuxulu-yuxulu gəzəcək və gözətçilik edərkən səhvə yol verib öləcəksən.    
Müəllif: Emin Məsimli                    


11. Rocer Jelyaznının “İşıq Tanrısı” romanında gələcəkdə yüksək texniki tərəqqi əldə etmiş insanlar özlərini hinduizm dininin tanrılarına bənzədir. Əsərdə personajlardan biri arxivdən qadağan olunmuş informasiyanı öyrənmək istədikdə, arxivist personajın hələ üç İKS yaşadığını və ölümcül təhlükəyə malik işlərlə məşğul olmaq üçün gənc olduğunu deyir. İKSlə əvəz edilmiş qalın saitli əcnəbi sözü tapın.        

Cavab: Avatar                                   
Şərh:  İnsanlar texniki tərəqqi əldə etdikdən sonra vaxtaşırı hindu tanrılarına bənzər formada ruhlarını başqa bədənə köçürtməklə demək olar ki, ölümsüz olmuşdular. Arxivist ölüm təhlükəsi olan məsələdən personajı çəkindirmək istəyir, hədsiz uzun ömür sürənlərə nisbətdə 3 avatar yaşayan personajın hələ çox gənc olduğunu deyir.                       
Müəllif: Emin Məsimli                    


12. Paylama materialı.                     
Aparıcı üçün qeyd: [paylama materialındakı sözləri oxuma] 

reed – qamış                                      
rite – mərasim                                   

Bir ingilis dilli əsərin sonunda personaj qamış və mərasimi unutmaq istəmədiyini yazır. Söhbət hansı əsərdən gedir?                                   

Cavab: Elcernon üçün güllər          
Şərh: Personajın “yazması” – onun gündəliyə qeyd etməyinə ipucu idi. Əsərin sonunda personaj əslində qamış və mərasimi deyil, read – oxumaq və write – yazmağı unutmaq istəmədiyini bildirmək istəyirdi, lakin artıq əqli geriliyi o həddə çatmışdı ki, sözlərin yazılış və tələffüzünü qarışdırmağa başlamışdı.   
Müəllif: Emin Məsimli                    


13. Karikaturalardan birində həkim rəssamın anasına deyir ki, görünür oğlunuz su çiçəyi xəstəliyindən gec sağalacaq. 19-cu əsrin ortalarında Parisdə doğulan həmin rəssamın kim olduğunu tapın.      

Cavab: Jorj Syora                             
Şərh: Karikaturadakı “xəstəlikdən gec sağalacağı” onun rəssam kimi gələcək karyerasına işarə edir. Su çiçəyi nəticəsində insanın bədəni başdan-başa nöqtələrə bürünür.   
Müəllif: Emin Məsimli                    


14. Əsərləri gec yazmasıyla məşhur olan Corc Martin Stiven Kinqlə söhbətində demişdi ki, bir dəfə pərəstişkarı tərəfindən təhdidə bənzəyən anonim bağlama alıb. Bəs bağlamadan 1987-ci ildə nəşr olunmuş hansı roman çıxmışdı?    

Cavab: Misery                                  
Şərh: Bildiyiniz kimi Corc Martin oxucuları tərəfindən Buz və Alovun nəğməsi seriyasını ləng yazdığı üçün tez-tez tənqid olunur. Bağlamadan çıxan romanın sujet xəttində isə yazıçını “əsir” almış “bir nömrəli pərəstişkarı” onu əsəri yazmağa məcbur edir. Söhbət  Stiven Kinqin “Misery” romanından gedir.                                                            
Müəllif: Emin Məsimli                    


15. “Qış küləkləri” romanında Stannis Barateon müqaviləni imzalayarkən məlum olur ki, soyuqdan mürəkkəb donub. Bu zaman mürəkkəbi qızdırmaq təklif edilsə də, Stannis daha tez həll yolunun olduğunu deyir və bıçağını çıxardaraq BUNU EDİR. Birhecalı sözlə deyin: BUNU EDƏN nağıl personajı məqsədinə çatmaq üçün başqa nədən istifadə etmişdi?           

Cavab: Duz                                        
Şərh: Stannis öz xarakterinə uyğun olaraq məsələni qısa və nisbətən qəddar yolla həll etmək üçün qanla imzalamaq qərarına gəlir. Bunun üçünsə o bıçağını çıxardaraq öz barmağını yarır. Yatmamaq üçün Məlikməmməd barmağını yardıqdan sonra ora duz basmışdı.
Müəllif: Emin Məsimli