Monday 4 January 2016

ŞERLOK: Dördüncü Sezonun Sıfırıncı Seriyası







    Hər şeydən öncə böyük və qırmızı hərflərlə deyim ki, əgər Şerlok serialının sonuncu xüsusi buraxılışına baxmamısınızsa bundan sonrasını oxumayın, etməyin, eləməyin. Spoilers are coming:



 - Bütün köhnə seriyalara işarələr bizə hadisələrin Şerlokun beynində, onun şüuraltında baş verdiyini deyir. Və məncə, bu dahiyanə alınıb. Həm də bu baxımdan əvvəlki seriyalarda eşitdiyimiz bəzi sitatlar müxtəlif formada qarşımıza çıxır. Məsələn, dialoqlardan birində Moriarti Şerloka deyir, dead is the new sexy. Oxşar ifadəni biz ikinci sezonda A Scandal in Belgravia adlı seriyada İren Adlerdən eşitmişdik, brainy is the new sexy. 
- Elementary, my dear Watson. Bu ifadəni də Reyxenbax şəlaləsi epizodunda eşidirik. Əvvəlki seriyalardan üçüncü sezonun The Empty Hearse adlı seriyasında Şerlok elementary sözündən istifadə edir. 
- Seriyanın başlarında Holmsun yaşadığı evdə biz Çarlz Allan Gilbertin 1892-ci ildə çəkdiyi Hər şey fanidir adlı rəsm əsərini görürük. Xanım güzgü qarşısında dayanıb və kəllə sümüyünü xatırladır. Kəllə sümüyünün ölümü bildirməsi və məhz xanımın təsvir olunması seriyanın ümumi aurasına uyğun gəlir. Əvvəlki seriyalarda isə biz divarda mavi kəllə sümüyünü görmüşdük. Yeri gəlmişkən, xüsusi buraxılışdakı dialoqlardan birində Şerlok həmin kəllə sümüyünə işarə edir, For the sake of Mrs. Hudson's wallpaper, I must remind you that one false move with your finger and you will be dead.



- Qəbirqazma səhnəsi və sonra tabutu çıxardıb qazmağa davam etməsi Şerlokun beyninin daha dərinliklərində axtarış aparmasına alluziyadır. O neçə dəfə daha dərinə getməli olduğunu bildirir. Seriya boyu deep sözü doqquz dəfə işlədilib.
- Seriya qotik elementlərlə zəngindir: ruh, cəsəd, qorxu, kişi tiranlığı, gecə, qəsr əvəzi iri malikanə, işıqlandırma, külək, mistika və s. Seriyanın sonuna on dəqiqə qalmış biz Moriartinin ağzından bu sözləri eşidirik, Is this silly enough for you yet? Gothic enough?
- Kəllə sümüyü məsələsini bununla yekunlaşdıraq: Birinci sezonun birinci seriyasında Şerlok kəllə sümüyünü Vatsona göstərib demişdi ki, bu mənim dostumdur. Şerlok kəllə ilə yüksək səslə söhbətləşib problemləri həll etməyi xoşlayır. Yeni il seriyasında isə biz həmin kəllə sümüyünü yenə görürük. Hə, bir də Benediktin özü də axı Hamletdə əsas obrazı canlandırıb... Hamlet... Yorik... to be or not to be...


- Keçmişdə baş verən hadisələrin əslində həqiqətən keçmişdə baş vermədiyinə işarə edən anaxronizmlər də var. Məsələn, XIX əsrdə Maykroft qardaşına Moriarti barəsində deyir, he is... the virus in the data. 
- Vatson deyəndə ağlımıza Şerlokun sadiq köməkçisi, müharibədə iştirak etmiş, həkim kişi obrazı gəlir. Epizodlardan birində Maykroft personaja Vatson deyə müraciət edəndə məlum olur ki, söhbət xanım Vatsondan gedir. Burada xanım sözünün işlənməməsi seriya boyu davam edən protofeminist xəttə işarə edir. Mələsən, Mollinin bığ taxması, Hadsonun mənə kifayət qədər sətir vermirsiniz deməsi və s. Seriyanın sonunda həmin xətt açılır.
- Qəbiristanlıq epizodundakı kadrlar Şerlokun öldüyü seriyadakı qəbiristanlıq kadrlarının haradasa eynisi idi. Hətta kameranın hərəkəti belə demək olar ki, eyni idi.
- Epizodlardan birində Maykroftun əlindəki dəftərçədə Redbeard sözünü oxuyuruq. Əvvəlki seriyadan bilirik ki, bu Şerlokun uşaq vaxtı sevimli itinin adı olub və itini itirmək onun həyatında əhəmiyyətli dəyişikliklərə gətirib çıxardıb. Yəqin ki, sosiopat olması bununla bağlıdır. Maykroft Holms həmin epizodda Vatsondan kiçik qardaşının qayğısına qalmasını istəyir.



Razıyam ənənəvi Şerlok seriyası deyildi və çox qarışıq alınıb. Ancaq qarışıqlıq seriyanın əsas hədəflərindən biri idi və hədəfinə çatdı. Mən şəxsən bəyəndim.