Friday 30 October 2015

Marslı

 
  Əməlli-başlı p*xdayam.
  Gəldiyim yekun nəticə belədir.
  P*xdayam.
Həyatımın ən möhtəşəm iki ayı olacağını düşündüyüm müddət cəmi altı gün çəkdi və tamamilə kabusa çevrildi.
  Heç bilmirəm kim oxuyacaq. Güman edirəm bunu əvvəl-axır kimsə tapar. Bəlkə də yüz il sonra.
  Qeydə alınması üçün deyim... mən sol 6`da ölməmişəm. Əminəm ki, ekipajın digər üzvləri öldüyümü düşünüb və buna görə onları günahlandıra bilmərəm. Bəlkə də, Yerdə mənə milli matəm günü də təşkil edərlər və vikipediya səhifəmdə yazarlar ki, “Mark Uotni Marsda ölmüş yeganə insandır.”



Endi Uir tərəfindən yazılmış “Marslı” əsəri məhz belə başlayır. Bəs Endi Uir kimdir və necə oldu ki, 2009-cu ildə bloqunda hissə-hissə paylaşdığı əsər 2014-cü ilin ən yaxşı elmi-fantastika kitablarından birinə çevrildi və Mett Deymon, Cessika Çesteyn, Şon Bin kimi aktyorların iştirakı ilə bu il roman əsasında film çəkildi?
Uir proqram təminatı mühəndisidir (software engineer) və yazdığı bir neçə səhifəlik “Yumurta” hekayəsi internetdə sürətlə yayılaraq məşhurlaşıb. Qeyd edim ki, hekayə demək olar ki, dialoqlardan ibarətdir və onun əsasında çoxlu qısa filmlər çəkilib:


  Müəllif 2009-cu ildə əsəri fəsilbəfəsil öz bloqunda yerləşdirir. Sonra bəzi oxucular ondan romanın bütöv şəkildə kindle versiyasını hazırlamağı xahiş edirlər. O da kitabı Amazon`da 99 sent qiymətinə satışa qoyur. Çünki Amazon pulsuz kitab yerləşdirməyə icazə vermir. Əsər 3 ay içərisində 35 000 satılaraq Amazon`un ən çox satılan elmi-fantastik əsərləri siyahısının yuxarılarına qalxır. 2013-cü ildə isə kitabın yayım hüququnu 100 000 dollardan da artıq qiymətə nəşriyyatlardan birinə satır. Roman goodreads.com saytında 2014-cü ilin ən yaxşı elmi-fantastik əsəri seçilir.
  Elmi-fantastika əsərlərinin sərt (hard science fiction) və yumşaq (soft science fiction) növlərinin olduğunu və “Marslı”nın sərt elmi-fantastika sayıldığını buradaca qeyd edək. Müəllif maksimal elmi dəqiqliklə orbital mexanika, Mars mühiti, insanların kosmosda uçuşu və botanika sahələrini təsvir etməyə çalışıb. Bəli, botanika! Uir özü də müsahibələrindən birində bildirib ki, botanika dəlisidir.
  Əsərə gəldikdə isə burada yolka ağacı kimi bəzədilmiş bədii cümlələr demək olar ki, yoxdur. Dili çox sadə və anlaşıqlıdır. Bəzi terminlər sizə yad gələ bilər, ancaq google`da bir neçə kiçik axtarışla problem həll olunacaq. Əsər boyu Mars mühiti ilə daha yaxından və daha real tanış olmaq imkanı yaranır. Mars mühitində insan özünü necə hiss edər? sualına bu romanı cavab kimi göstərmək olar. Romanın ən bəyəndiyim xüsusiyyətlərindən biri də həddsiz zövq ala biləcəyiniz yumor elementləridir. Ah, disko mahnıları!
  Müəllif mütəmadi oxucunu həyəcan içərisində saxlaya bilir. Sujetin Marsda baş verən hissəsi bir qədər inkişaf etdikdən sonra paralel olaraq Yerdə baş verənlər və digər personajlar da aktivləşməyə başlayır. Əsəri oxuyarkən Mars xəritəsindən istifadə etməyi məsləhət görürəm:


  Roman əsasında çəkilən təzəlikcə çıxmış “Marslı” filmi isə həqiqətən yaxşı idi. Ancaq əla deyildi. Niyə əla deyildi? Birincisi romandakı hər qazana qapaq qoya bilən “cool” Enni Montrouz obrazını filmdə əməlli-başlı susdurublar. Cəmi bir neçə replikası var. Həmçinin, gözlədiyim dramatikliyi görmədim (final istisna olmaqla) və soundtrack`ləri bəyənmədim. Əsərdəki elmi məsələlər də lazımi qədər ön plana çıxa bilməyib. 
  Bəlkə də, film boyu İnterstellar ilə istər-istəməz müqayisə apardığım üçün “Marslı” məndə belə təəssürat oyatdı. Ancaq yenə də əsərin nəfəsi filmdə hiss olunur və vizual olaraq kadrlar əladır.
  Başlanğıcda işlənmiş "sol" sözü Mars günü mənasına gəlir və bilin ki, Mark Uotni Marsdakı altıncı günündə ölməyib.