Wednesday 30 September 2015

Buz və Alovun Nəğməsi


         


    Bu dünyada cəngavərlər və yavərlər, qullar və azad insanlar, feodal-vassal münasibətləri, saray intriqaları, real orta əsrlərə aid qəddar və məzəli adətlər, müxtəlif mədəniyyətlər, fərqli dinlər, çoxlu tarixi analogiyalar və daha nələr-nələr var. “Game of Thrones” (Taxtlar oyunu) serialının əsasında duran bu seriyanı oxumaq fikriniz varsa, ilk növbədə orta əsrlər dövrü ilə bağlı klişe düşüncələrdən azad olun və oxşar mövzulu Hollivud filmlərinin sujetlərini unudun.
Əsər adamı tamam başqa başgicəlləndirici atmosferə salır. “Buz və Alovun Nəğməsi” (BVAN) amerikan yazıçı George Martin`in yazdığı epik fentezi romanlar seriyasının adıdır. Beş kitabı yayımlanmış seriya yeddi roman olaraq nəzərdə tutulub. Əsərdən daha çox tarixi roman ətri gəlir və fentezi elementləri estetik işlənib. Müəllif tarixi və fentezi romanlardan bəhrələnməklə yanaşı (xüsusilə, Tolkienin “Üzüklərin Hökmdarı” trilogiyası və Dryuonun “Lənətlənmiş Krallar” seriyası) bəzi spesifik əsərlərin də adını çəkib:

The Medieval Soldier - Gerry Embleton & John Howe      
A Distant Mirror - Barbara Tuchman  
Medieval Swordmanship - John Clements    
The Medieval Warfare Source Book - David Nicolle         
Life in a Medieval Castle and Life in a Medieval City - Joseph and Frances Gies      
The Dictionary of Heraldry - Joseph Foster   
Tournaments - Richard Barber & Juliet Barker       
Great Cities of the Ancient World - L. Sprague de Camp  
The Chronicles of England, France, Spain and other Places Adjoining - Sir Jean Froissart
    Yazıçı həmçinin bildirib ki, bu əsərlər seriyanı yazmağa hazırlaşarkən bəhrələndiyi kitabların cüzi hissəsidir. Bunlarla yanaşı təlxəklər, orta əsr ziyafətləri, cəngavərlər, Yüzillik müharibə və Qızılgül müharibələri haqqında tarixi kitablardan da yararlanıb. 
    Romanları oxuyarkən insan özünü orta əsrlər dövründə hiss edir. Buna səbəblərdən biri əsərin üçüncü şəxsin dilindən danışılmasıdır. Hər personaja aid fəsildə onların gözləri ilə baxıb necə və nə düşündüklərini bilirik. Nə qədər romantikası olsa da, həmin dövr düşmək istəyə biləcəyiniz bir dövr deyil. Ərzaq və tibbi problemlər boğazacandır və bəzən yolların təhlükəsizliyi ucbatındandan bir şəhərdən digər şəhərə getmək ölüm-qalım məsələsinə çevrilir.
     “Taxtlar Oyunu” serialının romanların məşhurlaşmasında böyük rolu var. Film və kitab iki ayrı kateqoriya olduğundan onlardan hansının yaxşı olması ilə bağlı müqayisə aparmağı xoşlamıram. Lakin, sırf sujet baxımından serial kitabdakı xəttin 30-40%`ni əhatələyir. İlk romandan başlayaraq sujetlə uyğunsuzluqlar getdikcə artır. Əsərdə cərəyan edən bir çox hadisələr ya ixtisar olunub, ya da bir neçə obraza aid sujet xətti bir personajda birləşdirilib. Təbii ki, burada aktyor və ya aktrisaların çəkiliş qrafiki, əsərə uyğun aktyor və ya aktrisa tapmağın çətinliyi, maliyyə problemləri və s. faktorlar var. Serialın əsərdən bir fərqi də erotik səhnələrin həddindən artıq çox olmasıdır ki, bununla bağlı tez-tez tənqid olunur.
       Dəmir Taxt. Romanda hadisələrin cərəyan etdiyi vaxtdan təxminən üç yüz il əvvəl Fateh I Aegon Targaryen ordusu və əjdahaları ilə birlikdə Westeros qitəsini fəth edərək kral olur. İl hesablanması da fəthlə əlaqəlidir (fəthdən əvvvəl – “before conquest” b.c. dilimizdə eradan əvvəl anlamına gələn “before century” b.c. sözlərinə alluziyadır). Aegon`un məğlub edilmiş düşmənlərinin min qılıncı əjdaha Balerionun nəfəsi ilə qızdırılır və əlli doqquz gün döyülür. Və nəhayət Dəmir Taxt ərsəyə gəlir. Həmin vaxtdan diyarı idarə edən krallar bu taxtda əyləşirlər. Aegon`un taxtla bağlı “gərək kral taxtda rahat oturmasın” sitatı sözün hər iki mənasında işlənib. Belə ki, taxtdakı qılınclar tez-tez kralların müxtəlif yaralar almasına səbəb olur. George Martin bloqunda bildirib ki, romanlardakı Dəmir Taxt serialda təsvir olunmuş kimi yox, Marc Simonetti tərəfindən çəkilən bu rəsmdəki kimidir:     



    BVAN dinlər baxımından da zəngindir. Onlardan bəzilərini tarixi paralellər apararaq qeyd edək:
  R'hllor (Alov və Kölgə Tanrısı, İşığın Lordu, Alovun Ürəyi) – Zərdüştiliklə bağlı çox bənzərlikləri var. Bu din də özündə dualistik xarakter daşıyır: xeyir və şər arasında, işıq və qaranlıq arasındakı davam edən mübarizə. Azor Ahai adlı əfsanəvi döyüşçü yenidən doğulacaq və qaranlıqla mübarizə aparacaq. Zərdüştilikdə bu Saoşyantdır. Saoşyant gələndən sonra xeyir nəhayət ki, şər üzərində qələbə çalacaq. Əsərdə bu inanca xidmət edən qırmızı keşişlər hər gecə tonqal qalayaraq İşığın Lorduna dua oxuyurlar ki, gecə bitsin və günəş çıxsın. Oxşar rituallar zərdüştilikdə də mövcuddur. Yeri gəlmişkən, Novruz bayramındakı tonqalın köklərindən biri də məhz bununla əlaqəlidir: qış bitdi, yenə bahar gəldi, işıq qələbə çaldı.
  Boğulmuş Tanrı – Bu tanrıya Dəmir Adalarında yaşayan sakinlər xidmət edirlər. Bu baxımdan Dəmirdoğumlular Vikinqlərə çox bənzəyir: gəmiçilik əsas gücləridir, qəddar və talançıdırlar. Dəmirdoğumlunun ölümü haqqında danışarkən Boğulmuş Tanrının güclü avarçəkənə ehtiyacı olduğu deyilir. Həmin ölən adam sulu zallarda ziyafətə gedir və ona supəriləri xidmət edir. Həmçinin belə bir ifadə də var: “Ölən bir də heç vaxt ölmür, ancaq yenidən daha möhkəm və güclü şəkildə yüksəlir.” Bu inanc sistemi Vikinqlərin etiqad etdiyi Skandinav Tanrılarını xatırladır. Döyüşdə ölənlərin bir hissəsi baş tanrı Odin tərəfindən seçilərək Valhallaya – Asqardda yerləşən zalına aparılır. Burada onlara gözəl xanımlar xidmət edirlər.
  Yeddilər İnancı – Martin bildirir ki, bu inanc qismən orta əsr Katolik Kilsəsinin analogiyasıdır. Xristianlıqda Tanrının üç aspekti – ata, oğul və müqəddəs ruh varsa, Yeddilər İnancında bu aspekt yeddidir: ata, ana, qız, qarı, döyüşçü, dəmirçi, qərib. Həmçinin onların da Bibliyaya bənzəyən “Yeddi Guşəli Ulduz” adlanan müqəddəs kitabı var.
  Real dünyamızda olduğu kimi BVAN`dakı dünyada da dinlərin sayı həddən artıq çoxdur və yuxarıda bunlardan sadəcə bir neçəsini vurğuladım. 
 “Şimali Atlantika Saqası” adlı kitabda maraqlı bir qeydlə rastlaşmışdım. Orta əsrlərdə belə inanırmışlar ki, Avropanı şimaldan Qrenlandiya ilə birləşdirən torpaq sahəsi mövcuddur və orada nəhənglər yaşayır. Maraqlıdır ki, oxşar fikir bu əsərdə də nağıl formasında uşaqlara danışılır.
  213 metr hündürlüyü və 428 km uzunluğu olan buzdan tikilmiş Divarın ilham mənbəyi isə ikinci əsrdə indiki Britaniya ərazisində inşa olunmağa başlanmış Adrian divarı olub. Divar diyarı şimaldan gələn təhlükələrdən müdafiə etmək üçün tikilib və Gecə Gözətçiləri adlı hərbi qurum tərəfindən qorunur. Tikili insanlar tərəfindən inşa olunmuş doqquz möcüzədən biri sayılır:     


  Tarixdən çoxlu döyüşlər, şəxslər, yerlər və s. ilə bağlı paralellər olsa da unutmaq lazım deyil ki, bütün bunlar arasında bənzərliklər olduğu qədər də fərqliliklər var.
  Seriala baxarkən və ya kitabı oxuyarkən mütləq xəritədən istifadə edin. Bu linkdə spoiler`ə nəzarət edə-edə personajların fəsil-fəsil, seriya-seriya hara getdiklərinə baxa bilərsiniz: http://quartermaester.info/
 Personajları qarışdırmamaq üçün ingilis, rus və türk dillərində online ensiklopediyalardan yararlanmaq olar. Lakin nəzərə almaq lazımdır ki, buradakı məlumatlar bütün romanları əhatə edir və spoiler`lər var:              
  
ingiliscə: http://awoiaf.westeros.org/    
türkcə: http://viki.gameofthronestr.com       

Romanların xronoloji ardıcıllığı:      

1. Taxtlar Oyunu                      (A Game of Thrones 1996)        
2. Kralların Savaşı                    (A Clash of Kings 1998)  
3. Qılıncların Qasırğası             (A Storm of Swords 2000)         
4. Qarğalar üçün Ziyafət           (A Feast for Crows 2005) 
5. Əjdahalarla Rəqs                   (A Dance with Dragons 2011)   

  Romanlar iri həcmli olsa da, (5 roman birlikdə təxminən 4300-4600 səhifədir) yazılma üslubu və sujet xətti oxucunu kitabı əlindən kənara qoymamağa vadar edir. Çoxdandır gözlənilən altıncı kitab – “Qış Küləkləri” romanının isə 2016-cı ildə “Taxtlar Oyunu” serialının altıncı sezonundan öncə satışa çıxacağı ilə bağlı şayələr var.
  Buz Əjdahası. Müəllif 1980-ci ildə nəşr olunan romandakı hadisələrin BVAN`la eyni dünyada baş verdiyini təsdiq etməsə də, çoxlu bənzərliklər var: şimaldan cənuba doğru kralyolu adlı yol, ucqar şimalda daim qış olan ərazi, landşaft və insanların fəaliyyəti və digər bənzərliklər. Bu baxımdan əsəri oxumağa dəyər.