Tuesday 3 February 2015

Elmi-kütləvi janr: "Eden`in Əjdahaları"



   1977-ci ildə nəşr olunmuş kitab ümumilikdə canlıların beyinlərinin indiki dövrədək olan inkişafını, bu inkişaf ətrafındakı maraqlı mülahizələri və bir sıra miflərin yaranması ilə bağlı fikirləri ehtiva edir. Kitabı oxuduqca adam sanki Sagan`ın “Xəyal Gəmisinin” içərisində gəzişir. Bir sıra elmi anlayışları primitiv dildə rahat izah etməsi, maraqlı elmi araşdırmalardan nümunələr və bunun ətrafında aparılan mühakimələr ilə oxuyucu özünü fantastik fikir burulğanının içində tapır.
   Kitab kosmik təqvimin izahı və insan üçün onu dərk etməyin necə çətin olması ilə başlayır. Verilmiş ədədlər oxuyucunun beynində zamanın xəyali xəritəsini yaratmağa hədəflənib, çünki qeyri-sahə adamları üçün ədədlər böyüdükcə bəzən sadəcə “milyardlar və milyardlar” olur və 1-dən sonra gələn sıfırların sayı həmin zamanı qavramağı çətinləşdirir. Bununla bağlı verilmiş izaha siz 1980-ci ildə yayımlanmış “Cosmos: A Personal Voyage” adlı serialda, həmçinin həmin sənədli serialın davamı sayılan “Cosmos: A Spacetime Odyssey” adlı serialda da rast gələ bilərsiniz. Kosmik təqvim - kainatın yarandığı vaxtdan indiyədək keçən zamanın bir ilin içərisinə sığışdırılaraq təsvir olunmasıdır ( kosmik təqvimdə kainatın 13,8 milyard illik tarixi belə təsvir olunub: hər gün - 37,8 milyon il, hər saat - 1,58 milyon il, hər saniyə - 438 il). Məsələn, Günəş 31 avqustda yaranıb, yəni kosmik təqvimdə 4 ay bundan qabaq – təxminən 4,57 milyard il bundan öncə. 1 yanvar tarixində Big Bang baş verib, amfibiyalar isə 22 dekabrda peyda olublar.

Carl Sagan 1980-ci ildə efirə getmiş “Cosmos: A Personal Voyage” sənədli serialında kosmik təqvimi izah edir:


      Sagan`ın insanın keçmiş dövrdə fərqli şəraitdə yaşaması ilə bağlı fikir yürüdərkən düşündürücü və bəzən də nostaljik münasibətini xüsusi qeyd etmək lazımdır: "Gecə yuxuda gördüyümüz uçuşlar, gündüz yaranan uçmaq arzusu görəsən, əcdadlarımızın hündür ağacların budaqlarında yaşadığı o günlərin nostaljik xatirələridirmi?"

       Kitabda maraqlı dini mövzulara toxunulub paralellər aparılır:
“Tək bir antilopu və ya antilop sürüsünü izləmək və onları uçuruma tərəf çəkə bilmək üçün ovçuların pirmitiv də olsa simvolik dilə ehtiyacı vardır. Maraqlıdır ki, Adəmin ilk fəaliyyətlərindən biri də dillə bağlı idi; o, cənnətdən qovulmamışdan və Həvvanın yaradılmasından qabaq Eden`in heyvanlarına ad vermişdi.”

   Heyvanlar üzərində aparılan müşahidələr və araşdırmalarla bağlı maraqlı məqamlara toxunulub:
"Yaponiyanın cənubundakı bir adada yaşayan makak meymunlarının sürətlə çoxalması və aclıq problemi ilə bağlı mütəxəsislər maraqlı təcrübə keçiriblər. Onlar çimərliyə buğda dənələri tökürlər. Buğda dənələrini qum dənələrindən ayırmaq çox çətin idi və buna edilən cəhdlər buğdanın verəcəyi enerjidən daha çox enerjinin sərf olunmasına gətirib çıxaracaqdı. Ancaq İmo adlanan bir makak meymunu (bəlkə də əsəbləşib) bir ovuc qumu suya atır: qum batır, amma buğda dənələri üzdə qalır. Bunu başa düşən İmo başlayır qumu suya atıb sulu buğdaları yeməyə. Adadakı yaşlı meymunlar buna elə də fikir vermirlər və öz bildikləri kimi eləyirlər, gənc meymunlar isə başlayırlar İmonu təqlid etməyə. Bir sonrakı nəsildə bu metod daha da geniş yayılır: hazırda adadakı bütün makak meymunları “suda ələmə” metodunda ustalaşıb və bu meymunlarda mədəni ənənəyə nümunədir."

     Şimpanzelərə Ameslan dilinin (american sign language) - əl işarələri ilə danışmaq - öyrədilməsi ilə bağlı təcrübələr oxuyucunun diqqətini çəkir. Washoe adlı şimpanze ilk dəfə ördəyi görəndə "su quşu" sözlərini işlədib, sonra şimpanze mebellərlə paltarları çirklətməyə başlayanda ona "pis" işarəsini öyrədirlər. Washoe`ni tez-tez əsəbiləşdirən makaka meymununa başlayır "pis meymun","pis meymun","pis meymun" işarəsini göstərməyə. Əsas rənglərin işarələrini öyrənmiş Lana adlı şimpanze tək meyvə olaraq "alma"nı tanıyırmış. O, bir işçinin portağal yediyini müşahidə edib onu "narıncı alma" adlandırır. Təcrübədə şimpanzelərin söyüş və yumor hissləri ilə bağlı məqamlar var. Lana bir dəfə hirslənib təlimçisinə "yaşıl nəcis" işarəsini göstərir. Washoe təlimçisinin belində gedərkən təlimçisinin üstünü isladıb "gülməli", "gülməli" işarəsini göstərir.Washoe jurnal "oxuyarkən" də müşahidə edilib: jurnalı vərəqləyib şəkillərə diqqətlə baxır, pələng şəklini görəndə "pişik" işarəsini göstərir, Vermouth (şərab) şəkli görəndə isə "içki" işarəsini göstərir. Şimpanze Lana`ya yerkish adlanan xüsusi kompyuter dilini də öyrədiblər; Lana bəzən gecələr özünü tənha hiss edib bu dildə "xahiş edirəm, aparat Lana`nı qıdıqla" yazırmış. 

     Kitabda gündəlik həyatımızı əhatə edən, ancaq bəlkə də fikir vermədiyimiz maraqlı məsələlərə də rast gəlmək olar. Məsələn, qırmızı rəngin nə üçün çox vaxt təhlükə ilə assosiyasiya olunması haqqında Sagan yazır:
“Çoxumuz başqa bir insanın qanamasını gördükdə özünü narahat hiss edir. Bunun səbəblərindən biri öz qanamımızın müxtəlif yaralar və ağrılarla müşayiət olunmasındadır. Biz dərhal özümüzü həmin insanın yerində təsəvvür edir və sanki ağrısını duyuruq. Bir sıra fərqli cəmiyyətlərdə qırmızı rəngin təhlükəni simvolizə etməsinin əsas səbəbi də budur. Məsələn, liftlərdə aşağını bildirən işarənin qırmızı rəngdə olması: ağaclarda yaşayan əcdadlarımız “aşağı” ilə bağlı məsələlərdə çox diqqətli olmağa məcbur idilər.”